Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin adı əbədiləşdirildi

01 avqust 2022 | 14:17

Avqustun 1-də Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin doğum günündə İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub. Şəhidin məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin  İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Daha sonra anım tədbiri adı dəyişdirilərək şəhid Həmid Cəfərlinin adını daşıyan ünvanda davam etdirildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid kapitan Həmid Cəfərlinin ailəsi adından çıxış edən dayısı Elmar Hüseynov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının ailələrinə göstərilən diqqət və qayğıya görə, həmçinin  Şəhid Həmid Cəfərlinin adının  əbədiləşdirilməsinə görə ölkə başçısına minnətdarlıq edib. 

 

Keçidlər