Xətai rayonunda Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrulla Mais oğlunun adını daşıyan küçənin açılışı olub
Xətai rayonunda Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrulla Mais oğlunun doğum günündə məzarı ziyarət olunub və adını daşıyan küçənin açılışı olub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
İbrahimov Xeyrulla Mais oğlu 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 1978-1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb. Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi - Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da "polkovnik-leytenant" hərbi rütbəsi verilib. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni,"Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!