Xətai rayonunda Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlunun xatirəsi yad edilib
Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlu 2001-ci il mayın 24-də anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Rəşadətlə döyüşüb. 2020-ci il oktyabrın 15-də minaatan mərmisinin partlaması nəticəsində şəhid olub. Şəhid Rövlan Məmmədov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
24.05.2022-ci il tarixdə Xətai rayonunda şəhid Rövlan Qurban oğlu Məmmədovun xatirəsi anılıb. Anım günündə şəhidin məzarı, yaşadığı evin yaxınlığında şəhidin adını daşıyan bulaq və xatirə lövhəsi ziyarət olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, döyüş yoldaşları, oxuduğu 194 nömrəli tam orta məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.Daha sonra tədbir şəhidin təhsil aldığı 194 saylı tam orta məktəbdə davam etdirilib.
Çıxışlarda ölkəmizdə aparılan siyasətin şəhidlərimizə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.
Çıxış edənlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Rövlan kimi qəhrəmanların gənc nəslə örnək olduğunu vurğulayıblar. Şəhid Rövlan Məmmədovun xatirəsinin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.