Xətai rayonunda Vətən Müharibəsi şəhidi Rzazadə Həsən Vüqar oğlunun xatirəsi anılıb
Vətən Müharibəsi şəhidi Rzazadə Həsən Vüqar oğlu 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonundan idi. Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Həsən Rzazadə "Qarabağ" ordeni,"Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Doğum günündə şəhidimizin məzarı ziyarət edilib, xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin döyüş yoldaşları, ailə üzvləri, 289 saylı tam orta məktəbin şagirdləri və yaxınları iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər. Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!