Xətai rayonunda Vətən Müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun xatirəsi anılıb
Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub, 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirib, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olunub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə iştirak edərək aktiv tələbəlik həyatı keçirib. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində təhsilini davam etdirib. 2017-2018-ci illərdə 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir.
Rus və ingilis dillərini mükəmməl bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.
Elşən Salayev 2019-cu ildə ali məktəbi bitirmiş, 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbiyə böyük marağı olmuşdur. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak etmiş, 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alınmamışdır. Təxminən 1 ay sonra Elşənin qəhrəmancasına şəhid olması məlum olmuşdur. Şəhidimiz 18 noyabr tarixində Bakı şəhərində dəfn olunub.
Anım günü ilə əlaqədar Əmircan qəsəbəsində şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə əklil və tər çiçəklər qoyulub, ruhuna dualar oxunub. daha sonra G.Mehmandarov küçəsi 26 ünvanda xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin təhsil aldığı 264 saylı tam orta məktəbin şagirdləri, ailə üzvləri, yaxınları iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər.