Xətai rayonunda Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun adını daşıyan küçənin açılışı olub
Xətai rayonunda Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xətai rayon 194 saylı tam orta məktəbin kollektivi, şəhidin ailə üzvləri iştirak ediblər.
Səfərov Hikmət İldırım oğlu 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qalıb. Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda şəhid olub. Hikmət Səfərov ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda","Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!