Xətai rayonunda Vətən Müharibəsi şəhidi Məmmədov Rəcəb Xalid oğlunun xatirəsi anılıb
Vətən müharibəsi şəhidi Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995 - ci ildə Ucar rayonunda anadan olub. Vətən Müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüş bölgəsinə getmiş, Füzuli istiqamətində gedən gərgin döyüşlərdə şücaət göstərərək bir neçə erməni canlı qüvvəsini məhv etmişdir. 06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin doğum günündə Şəhidlərin Xatirə Parkında xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Milli Qəhrəman Polad Həşimovun qardaşı İlham Həşimov, YAP Xətai rayon Təşkilatının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Tədbirdə 221saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!