Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun xatirəsi anılıb

11 iyul 2022 | 10:43

Səfərov Hikmət  İldırım oğlu 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda şəhid olub. 
Hikmət Səfərov ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda","Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

Doğum günündə şəhidimizin məzarı ziyarət edilib, xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin  Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin döyüş yoldaşları,  ailə üzvləri iştirak ediblər. 

Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər