Xətai rayonunda Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun anım günü qeyd edilib.
27 oktyabr 2022-ci ildə Xətai rayonunda Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun təhsil aldığı Xətai rayonu 59 saylı tam orta məktəbdə və "Hicaz" mərasim evində şəhadətinin ikinci ildönümü münasibətilə anım günü qeyd edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib.
Rayon İcra Hakimiyyəti tərəfindən “Hicaz” mərasim evində şəhidimizin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!