Xətai rayonunda Vətən müharibəsi şəhidləri Abbasbəyli Həmid Cavanşir oğlu və Rzazadə Həsən Vüqar oğlunun adlarını daşıyan küçələrin açılışı olub
Xətai rayonunda Vətən müharibəsi şəhidləri Abbasbəyli Həmid Cavanşir oğlu və Rzazadə Həsən Vüqar oğlunun adlarını daşıyan küçələrin açılışı olub. Açılış mərasimlərində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.
Daha sonra tədbirlərdə şəhidlərin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüblər. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!