Xətai rayonunda “Xəyallarımızda qalan nağıllar” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri keçirilib
Xətai Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə və Xətai Sənət Mərkəzində "Heydər Əliyev ili"nə həsr edilmiş “Xəyallarımızda qalan nağıllar” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri keçirilib.
Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər.
Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova Xətai rayonunda “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirildiyini qeyd edərək, Ulu Öndərin rəssamlıq məktəbinə olan bağlılığından və Azərbaycan rəssamlarına olan diqqət və qayğısından danışıb.
Digər çıxış edənlər qeyd ediblər ki, bu tədbir uşaqlarda estetik zövqün inkişafı ilə yanaşı vətənpərvərlik duyğularının gücləndirilməsi və milli-mənəvi sərvətimizdən olan nağıllarımızın geniş auditoriyaya çatdırılması üçün gözəl fürsətdir. Sərgilənmiş əsərlərdə Azərbaycan nağıllarında əks olunan Azərbaycan xalqının dünya görüşü, həyata münasibəti, zülmə qarşı mübarizəsi təsvir olunub. Dünya xalqlarının nağıllarının, eləcə də cizgi filmlərinin personajlarını canlandıran əsərlər də, sərgiyə xüsusi rəng qatıb. Hər bir istedalı gənc xəyalında qalan nağılların rənglərini, duyğu və düşüncələrini öz izləyicilərinin qəlbinə əsərləri ilə nəqş etməyə çalışıb.
Mövzusu nağıl personajları və nağıl səhnələri olan müsabiqəyə şəhər və bölgələrimizdən 18 yaşa qədər 1500-dən çox uşaq, yeniyetmə və gənclərə məxsus 1800-dən çox əsər göndərilib və sərgilənmək üçün 600-dən çox əsər seçilib. Secim zamanı millilik, yanaşma, baxış və müəllifin yaşı nəzərə alınmaqla təkrar olmayan, müdaxilə olunmamış və əvvəlcə sərgilənməmiş yaradıcılıq nümunələrinə üstünlük verililib. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatlarla təltif olunublar.