Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Yaponiya səfirinin iştirakı ilə tədbir keçirilib

28 oktyabr 2023 | 19:01

Xətai rayon İcra Hakimiyyəti və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Yaponiya mədəniyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə yaponiyalı aktyorların ifasında yapon incəsənətinin əsas atributlarından olan  “Şişimai” rəqsi nümayiş olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Quluyev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi, idarə-müəssisə kollektivləri, məktəbin şagird və müəllim kollektivi, eləcə də rayon sakinləri iştirak ediblər. Tədbir iştirakçəları məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Zaur Cavad oğlunun məktəbin həyətində yerləşən büstünün qarşısına tər çiçəklər düzüb, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Daha sonra hər iki ölkənin bayraqlarının rəngində olan şarlar səmaya uçurulub, dostluq rəmzi olaraq məktəbin həyətində ağaclar əkilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının və Yaponiyanın Dövlət Himni səsləndirilib. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev dünyanın böyük siyasi və iqtisadi gücə malik dövlətlərindən biri sayılan Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb.  Qeyd olunub ki, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulub. Həmin gündən Yaponiya-Azərbaycan münasibətləri siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişaf edir. Rafiq Quluyev qeyd edib ki, Xətai rayonunda 2015-ci ildən iki ölkə arasında dostluğun rəmzi olan "Yapon bağı" fəaliyyət göstərir. Xətai rayonu ilə Yaponiyanın İşikava perefekturasının Şika şəhəri qardaşlaşmış şəhərlərdir.

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi çıxışında ölkələrimiz arasında olan dostluq münasibətlərindən danışaraq bildirib ki, bundan sonra da münasibətlərin daha da inkişaf etdirilməsi üçün nə lazımdırsa ediləcək. Səfir daha sonra ənənəvi “Şişimai” yapon şir rəqsi  haqqında qonaqlara ətraflı məlumat verərək qeyd edib ki, rəqsin məşhur ifaçısı Kaiden Masanorinin artıq 25 ilə yaxındır ki, yapon mədəniyyətini bir çox ölkələrdə nümayiş etdirir. 

Tədbirdə “Gündoğar ölkə” Yaponiya və yapon dili haqqında söhbət açılıb. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin müəllim və şagirdləri tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. Kaiden Masanorinin ifa etdiyi “Şişimai” yapon şir rəqsi tamaşaçılar tərəfindən  sürəkli alqışlarla qarşılanıb. 

Keçidlər