Xətai rayonunda yüksək bal toplayan gənclərlə görüş keçirilib.
08 sentyabr 2023-cü il tarixində Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan gənclərlə görüş keçirilib.
Öncə müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev tələbə adını qazanan məzunları bu böyük uğur münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. İcra başçısı təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gəncləri təbrik edərək bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.
Şəhid atası-rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Məktəblilər milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdilər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır: "Çox xoşbəxtik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”.
Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.