Xətai rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə konfrans keçirilib
Aprelin 27-də Xətai rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “İşıqlı ömür” mövzusunda konfrans keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələrinin, təhsil və səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.
Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov adı oftalmologiya elminin tarixinə qızıl hərflərlə yazılan Zərifə Əliyevanın Azərbaycanda bu sahənin inkişafına verdiyi töhfələrdən geniş bəhs edib. Qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, illərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə insanın sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışmışdır. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Zərifə xanım Əliyeva gənc həkimlərin yetişməsinə böyük töhfələr verib. Onun rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var” fikirlərini önə çəkərək bildirib ki, Zərifə xanım Əliyeva bütün xəstələri üçün sadəcə ağxalatlı şəfalı əllər sahibi deyil, dünya işığından məhrum olanlar üçün ümid yeri, həyat qaynağı idi. Zərifə xanım Əliyevanın fəaliyyətində bu prinsip əsas olub ki, əsl həkim xəstənin əzablarını öz əzabları bilməli, sağlam şəkildə evinə qayıdan insanın təbəssümü ən yüksək mükafatı olmalıdır. Elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu ailədə torpağına, Vətəninə bağlı iki övlad yetişib: “Zərifə xanımın ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı, bir sözlə, Azərbaycanın bugününün və sabahının əsası olan ideyaların müəllifidir. Ümummilli Liderin məktəbindən bəhrələnən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün ən yüksək zirvələri fəth edir, qalib ölkə kimi tanınır, nüfuz qazanır.
Digər çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva əməlləri ilə daim xalqımızın qəlbində yaşayacaq. Çıxışların hər birində qeyd edilib ki, Zərifə xanım Əliyeva bənzərsiz insan, səmimi, mehriban rəfiqə, sədaqətli həyat yoldaşı, cəfakeş ana nümunəsini yaradıb. “Ümid sonda ölür” fəlsəfəsinin hikmətini çoxillik təcrübəsi ilə dəfələrlə sınaqdan keçirən Zərifə xanım Əliyeva yüzlərlə insana nur bəxş edərək onların həyatın şirinliyini daha dərindən duymalarına, həyata daha sıx bağlanmalarına öz töhfəsini verib. Məhz bu kimi keyfiyyətləri ona insanların dərin sevgisini qazandırmış, həyatının xalqa xidmətin parlaq nümunəsi kimi dəyərləndirilməsini şərtləndirmişdir.