Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Xətai rayonunda "Heydər Əliyev ili" çərçivəsində Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər əliyev ili” çərçivəsində “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
Tədbirdə iştirak edən Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova qeyd edib ki, Xətai rayonunda “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilir. Bu tədbir də uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilir.
Tədbirdə qeyd olunub ki, Ulu Öndərin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. İncəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqət və qayğısını hiss etməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib. Ulu öndər çıxışları zamanı söyləyirdi: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır”.
Müsabiqədə iştirak edən iştirakçılar bir ay ərzində əsərlərini Xətai Sənət Mərkəzinə təqdim ediblər, təqdim olunan əsərlərin seçimi 3 yaş kateqoriyası üzrə - 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası aparılıb. Sərgiyə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərib və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilib.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə təşəkkürnamə ilə təltif olunub.