Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı yaradılmasının 30 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib
Tədbir iştirakçıları öncə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla andılar.
YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Vüqar Rəhimzadə açdı. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Vüqar Rəhimzadə bildirdi ki, ötən il ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam oldu. Partiyanın keçdiyi 30 illik şərəfli yolun təhlili fonunda bu reallıq hər zaman qeyd edilir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 1992-ci il noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaradılan YAP ilk gündən xalqın partiyasına çevrildi. Qısa zamanda partiyanın rayonlarda təsis konfransları keçirildi. İlk yaradılan rayon təşkilatlarından biri də bu gün sıralarında 20 minə yaxın üzvü birləşdirən YAP Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran ulu öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir. Vüqar Rəhimzadə qeyd etdi ki, son 30 ilin ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını sadalamaq üçün böyük zaman gərəkdir. Onların miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışa bilərik. Yaranma tarixi Azərbaycanın müstəqilliyinin bərpası ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda öz payı vardır. Bu dövr Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük hörmət və diqqət göstərilən ölkəyə çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğalçılardan təmizlənmiş regionların dirçəldilməsi və nəhayət, Prezident-Xalq-Ordu birliyi kimi vacib məsələlərlə səciyyələnir. Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev və dahi liderin layiqli davamçısı, son 19 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə yüksəldən Prezident İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir. Vüqar Rəhimzadə daha sonra qeyd etdi ki, müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyətini xüsusi qeyd etməliyik. Xalqımız daim bu əminliyi ifadə edir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bundan sonra da yeni-yeni-yeni hədəflərə doğru inamla addımlayacaq.Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında Mərkəzi Aparatın yenidən formalaşması, yeni qərarların qəbulu, yeni Nizamnamənin və Proqramın təsdiqlənməsi partiyanın həyatında yeni səhifə açdı.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev diqqəti Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərə yönəltdi. Bildirdi ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycandakı təlatümlü, təhlükəli, gərgin ictimai-siyasi durumu o illərin şahidləri, yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Bir tərəfdən ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran, digər tərəfdən isə torpaqlarımızın ermənilər tərəfindən işğalı, bir milyona yaxın soydaşımızın daimi yaşayış yerindən zorla qovulması xalqın səbir kasasını doldurmuşdu. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə xalqı zamanın sınaqlarından şərəflə çıxmış siyasi lider ətrafında sıx birləşdirməklə mövcud vəziyyətdən xilas etmək üçün yeni siyasi qüvvəyə ehtiyac vardı. Buna görə də Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxdı. Azərbaycanın 91 nəfər sayılıb-seçilən ziyalısı 1992-ci il oktyabr ayında o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən həmin müraciətdə bu mühüm məqam xüsusi qeyd edilmişdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq. Ulu öndər Heydər Əliyev dövlətinə, millətinə sevgisini, hər zaman xalqının yanında olduğunu ziyalıların müraciətinə cavabı ilə ifadə etdi. O da məlumdur ki, obyektiv səbəblərdən YAP təsis konfransını 550 nəfər təəssübkeşin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirdi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bütün bunları qeyd etməkdə məqsədimiz bir daha indiki və gələcək nəsillərə Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını çatdırmaqdır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirməklə yanaşı, bu çağırışı da etdi ki, YAP-a xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Rafiq Quluyev Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs etdi. Vurğuladı ki, bu gün möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Bu gün, həmçinin dünya Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlardan bəhs edir. Şanlı Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.
Tədbirdə çıxış edən akademik Vaqif Abbasov və tanınmış professor İzzət Rüstəmov bildirmişlər ki, azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan, onun nüfuzunu uca tutan hər bir insan azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Vurğulanıb ki, Ulu Öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiy asına çevrilib.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev ağıllı, bilikli, güclü, öz dövlətini sevən, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacaran, milli adət-ənənələrinə sadiq olan, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənən, eyni zamanda, bəşəri dəyərləri mənimsəyən bir gənclik yetişdirmək istəyirdi. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində belə bir nəsil yetişdi və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş etdirildi və xatirə şəkli çəkdirildi.