Tarixi
Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.
Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 40 kənddən biridir. Sahəsi 108 hektardır.Qəsəbə əhalisi 22 min nəfərdən artıqdır.
Qədim Əhmədli kəndinin tarixi 3 mərhələyə ayrılır.
Birinci mərhələ, 11-ci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, eləcə də indiki Əhmədli kəndi ərazisinə gəlib çıxırlar.
Onlar burada yaşayış məskənləri salmış, mədrəsə, məscid, hamam və bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin məscid və hamam 20-ci əsrə qədər müxtəlif dağıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa edilmiş və günümüzdə də fəaliyyətlərini davam etdirirlər. Bu dövrdə kəndin necə adlanması bəlli deyil.
Kəndin tarixinin ikinci mərhələsi, 16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. Məşhur səfəvi tayfalarından olan şahsevənlərdən Mahmud və Əhməd adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar.
Tezliklə kənd əhalisi arasında böyük hörmət və üstünlük qazanan Şahsevənlər kəndi tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bununla razılaşmayan Mahmud böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Mahmudun tayfasının yaşamağa başladığı ərazi isə, "Mahmudlu" adlanmağa başlayır. Lakin, çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır.
Əhmədli tarixindəki üçüncü mərhələ isə, Azərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936-cı ildən şəhər tipli qəsəbə statusunu alır.
Coğrafi mövqeyi
Rayonun ərazisi 31,6 кvadrat kilometrdir (3160 hektar), (0.03 min km2).
Xətai rayonu Bakı şəhərinin Nizami, Nərimanov, Suraxanı, Nəsimi rayonları ilə həmsərhəddir.
Şəhər əhəmiyyətli Nobel, Babək prospektləri, Zığ şossesinin bir hissəsi,Y.Səfərov, A.Cəlilov küçələri, müasir yolötürücü komplekslərlə yanaşı Bakı metropoliteninin Ş.İ.Xətai, Əhmədli, H.Aslanov stansiyaları da rayon ərazisində yerləşir.