Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “4-cü İslam oyunları həmrəyliyə çağırışdır" mövzusunda sərgi və festival keçirilib

22 may 2017 | 11:00

      Xətai rayonunda Heydər Əliyev parkında  IV İslam Həmrəliyi oyunlarının iştirakçılarına dəstək məqsədilə keçirilən "4-cü İslam oyunları həmrəyliyə çağırışdır" mövzusundakı sərgi və festival bu dəfə də paytaxt sakinlərini və qonaqları bir araya topladı.
Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarətlə başlayan tədbirdə əvvəlcə İslam oyunlarında keçirilən idman növlərinin nümayişi oldu. Oyunlarda iştirak edən müsəlman ölkələrinin adət- ənənələri, milli mətbəxlərinin nümayişi, gənc rəssamların çəkdikləri əsərlər paytaxt sakinləri tərəfindən maraqla qarşılandı.  Məqsəd və amal isə bir idi: Azərbaycanı sülh ölkəsi kimi dünyaya tanıtmaq və idman hərəkatına dəstək olmaq!

   Müsəlman ölkələrinin ən yaxşı idmançılarının Azərbaycan paytaxtında  toplanması, İslamiadanın əzəmətli Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimi təkcə dostluq və qardaşlıq bayramının iştirakçısı olan ölkələrdə deyil,  dünyanın hər yerində böyük maraq və xoş bir həyəcanla izlənildi.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırdı ki, oyunlarda qalib adını qazanan idmançılardan biri məhz Xətai rayonunda fəaliyyət göstərən 138 saylı orta məktəbin 11-ci sinif şagirdi Roman Heydərovdur.
    YAP-nın Xətai rayon təşkilatının sədri, Milli Məclisin üzvü  Hüseynbala Mirələmov isə  IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin Azərbaycana göstərilən yüksək etimadın nəticəsi olduğunu dedi. Bu, həm də dövlətimizin gücünün, onun sülhməramlı ideologiyasının təcəssümüdür.
     Çıxış edən IV İslam oyunlarında qızıl medal qazanmış Xətai rayon məktəblisi Roman Heydərov isə  ölkədə idmanın inkişafına, gənc nəslin sağlam ruhda böyüməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını  bildirdi.
    Festivalda ən maraqlı məqamlardan biri də oyunlarda iştirak edən ölkələrin milli rəqslərinin nümayişi oldu. İncəsənət nümayəndələrinin rəngarəng çıxışları, yerli mahnılarla xarici musiqilərin sintezi, muğam, milli rəqslər  paytaxt sakinləri və qonaqlarda xoş ovqat yaratdı.
Məlumat üçün bildiririk ki, IV İslam oyunları iştirakçılarına dəstək məqsədilə keçirilən sərgi və festival oyunlar başa çatanadək davam edəcək.

Keçidlər