Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq evində bayram sevinci yaşandı

03 iyun 2017 | 03:00

Xətai rayonundakı 3 saylı uşaq evinin sakinləri əslində 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününü elə həmin gün, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə paytaxtın ən gözəl guşələrindən birində bayram etmiş, necə deyərlər, əyləncənin, xoş anların dadını çıxarmışdılar. Amma, Xətai Rayon İcra Hakimiyyəti ənənəyə görə hər il bu bayramda uşaqları təbrikə gəlib, onları bayram sovqatı ilə sevindirdirdiyindən, bu dəfə də ənənəsinə sadiq qaldı, sadəcə tədbirin gününü dəyişdi.

Rayon İcra Hakimiyyəti uşaq evinin sakinlərinə iyunun ikinci gününü də bayram etmək məramı ilə İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyevanı və aparatın bir qrup əməkdaşını bayram sovqatları və hədiyyələrlə onların görüşünə göndərmişdi. Əslində, elə uşaq evi də bayram libasını hələ çıxarmamışdı.

Qonaqları salmlayan 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova, əvvəlcə onları uşaqların yaradıcılığının sərgiləndiyi guşə ilə tanış etdi. Bir-birindən maraqlı rəsmlər, əl ilə toxunmuş xalçalar və müxtəlif sənət nümunələri qonaqlarda böyük maraq doğurdu.  M.Hüseynova qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaq evini əsaslı təmir etdikdən sonra, burada uşaqların müxtəlif sənət sahələri ilə məşğul olması üçün bir çox dərnəklər yaradıldı. İndi uşaqlar bu dərnəklərdə böyük həvəslə iştirak edir və öz istedadlarını yaratdıqları bu əsərlərlə nümayiş etdirirlər. Bu evin, valideyn himayəsindən məhrum sakinlərinin yaradıcılıqlarının digər nümunələrini isə onların hazırladıqları konsert proqramında gördük.

Konsertdən əvvəl rayon İcra Hakimiyyəti başçısının   müavini Jalə Abdıyeva Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədovun və aparatın kollektivi adından uşaqları bayram münasibətilə təbrik edib onlara həyatda və işlərində uğurlar arzuladı. Natiq qeyd etdi ki, siz dövlətimizin və Prezidentimiz İlham Əliyevin uşaqlara olan diqqət və qayğısını bəlkə hamıdan çox hiss edir və görürsünüz. Bu qayğı və diqqət təkcə “Uşaq hüquqları haqqında” qanunun qəbul edilməsi ilə məhdudlaşmamışdır. Son onillikdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində  çox böyük irəliləyişlər əldə edilmişdir. Bu cəhətdən Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti birbaşa Prezidentimiz İlham Əliyevin nəzarətindədir.

J.Abdıyeva qeyd etdi ki, uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz  fəaliyyəti xüsusi vurğulanmalıdır. “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutan Mehriban xanım Əliyevanın son illərdəki fəaliyyətindən və həyata keçirdiyi işlərdən aydın olur ki, o, bütün Azərbaycan uşaqlarını bəxtəvər görmək istəyir. Nahaq deyil ki, Mehriban xanım Əliyevanın bütün ictimai-siyasi fəaliyyətilə yanaşı, uşaqların hüquqlarının qorunması sahəsindəki xidmətləri, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğı da cəmiyyətdə çox yüksək qiymətləndirildirilir.

Natiq çıxışında Azərbaycanda dövlət uşaq siyasətinin mahiyyəti və Heydər Əliyev Fondunun bu siyasətin gerçələşdirilməsindəki xidmətləri haqqında geniş məlumat verdi və sonda qeyd etdi ki, həyata keçirilən dövlət siyasəti də, uşaqlarla bağlı layihələr də birmənalı olaraq Azərbaycanın gələcəyinə hesablanmışdır.

Sonra uşaq evinin gənc istedadlarının ifasında konsert proqramı nümayiş etdirildi. Bir-birindən maraqlı musiqi nömrələrinin və müxtəlif xalqların milli rəqslərinin ifası qonaqlarda xoş təəssürat oyatdı və onların sürəkli alqışını qazandı. Sonda səhnəyə şamlarla bəzədilmiş bayram tortu gətirildi və uşaqların iştirakı ilə kəsildi, uşaqlara hədiyyələr paylandı. Beləcə, nisgilli, valideyn həsrətli uşaqlar bu bayramı da məhəbbət və mərhəmət dolu xoş anlarla xatirələrinə köçürdülər.

 

 

Keçidlər