Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 23 iyun-Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi

22 iyun 2017 | 11:00

Xətai Rayon İcra Hakimiyyətində 23 iyun - Dövlət Qulluğu Günü münasibətilə keçirilən toplantı müstəqil dövlətçiliyimizin memarı və qurucusu, bütün fəaliyyəti dövlətçiliyə yüksək xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı.

  Aparatın iclas salonunda keçirilən toplantıda çıxış edən icra hakiyyəti başçısının müavini Teymur Əzizov “Dövlət qulluğu günü”nün yaranması və onun Azərbaycanda rəsmi bayram kimi qeyd edilməsi tarixi haqqında məlumat verərək bildirdi ki,  BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən təsis edilmiş bu bayram dünyada ilk dəfə 2003-cü ildə qeyd edilmişdir. Həmin qətnamədə BMT-yə üzvü olan dövlətlərə, ölkələrin inkişafında dövlət qulluğunun əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etmələri tövsiyə olunmuşdur. BMT Baş Assambleyasının tövsiyəsini nəzərə alan ölkəmizin Prezidenti İlham Əliyev 25 may 2006-cı il tarixli sərəncamı ilə hər il 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan etmişdir.

T.Əzizov Azərbaycanda dövlət qulluğunun formalaşmasından danışaraq qeyd etdi ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, bir çox sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində islahatların aparılmasına zərurət yaransa da ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər bu sahədə elə bir ciddi iş görülməmişdi. Ulu öndər ölkəyə rəhbərliyə başlayandan sonra, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ və dövlət orqanlarında qulluq etmək imkanına malik olması təsbit edildi. “Dövlət qulluğu” anlayışının özü də ilk dəfə Azərbaycan müstəqillik əldə etdikdən sonra Konstitusiyada əksini tapdı.

Toplantıda rayonun dövlət qulluqçularının simasında Azərbaycanın bütün dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edən icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov geniş nitq söyləyərək bildirdi ki, bu günün təsis edilməsi dövlət başçısının bizim Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi prinsiplərə uyğun idarə edilməsindəki rolumuza verdiyi yüksək qiymətin təzahürüdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirdiyi köklü islahatlardan,  müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafından söhbət açan P.İmanov qeyd etdi ki, ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqlarının həllinə qadir və müasir tələblərə cavab verən dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit etdi. 2000-ci ildə qəbul olunmuş  “Dövlət qulluğu haqqında” qanunla dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. Kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirildi. Natiq həçinin qeyd etdi ki, bu gün də ölkəmizdə  Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu istiqamətdə müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun islahatlar uğurla davam etdirir. Məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.  P.İmanov bildirdi ki, son illərdə ölkənin ali rəhbərliyinin dəstəyi ilə yaradılmış dövlət qulluğuna qəbulun Azərbaycan modeli həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi qəbul edilir və Avropada, Asiya məkanında çox böyük maraqla qarşılanır və öyrənilir. Çıxışının sonunda natiq qeyd etdi ki, indi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 30 minə yaxın dövlət qulluqçusu çalışır. 10 mindən çox şəxs isə dövlət qulluqçusu kimi pensiya alır. Dövlət qulluqçularının siraları sürətlə gəncləşir. Elə Xəta Rayon İcra Hakimiyyətində çalışan 41 dövlət qulluqçusundan 21-i gəncdir və onların da 11-i qadındır. Bütün bunlarla yanaşı, hər bir gənc kadr bilməlidir ki, düzgün və səmərəli idarəçilik dövlət qulluqçusunun əsas prinsipi olmalıdır.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında 21 iyun 2017-ci il tarixli Sərəncamına əsasən Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan rayonun memarı Vadim Surxayev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Keçidlər