Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıb

10 iyul 2018 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində çağırışçıların növbəti yolasalma mərasimi keçirilib.
    Xidmətin  rəisi Mehman Qurbanov mərasim iştirakçılarını salamlayaraq deyir: “Vətənə xidmət etmək həm məsuliyyətli, həm də müqəddəs və şərəfli vəzifədir. Bu gün gənclərimizin böyük bir qismi bu şərəfə sahib olmaq, bu müqəddəs vəzifənin məsuliyyətini daşımaq üçün artıq  şanlı tarix yazmağa başlayan  Azərbaycan Ordusunda xidmət etməyə yollanırlar”.
Çağrışçıları təbrik edən rəis ordu zabiti kimi qazandığı təcrübədən çıxış edərək tövsiyyə və məsləhətlərini verir: “İndiki Azərbaycan ordusunda nümunəvi xidmət etmək üçün müasir hərbi texnikanın, atıcı silahların sirlərinə dərindən yiyələnmək, təlimlərdə bütün çətinlikləri dəf etmək və komandirlərin əmrlərini dəqiq yerinə yetirmək lazımdır. Uğurlarınızın əsas şərtləri bunlardır”.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədov cağırışçıları təbrik edərək bildirdi ki, gənclərimizin, onların valideynlərinin  bugünki əhval-ruhiyyəsi onların yüksək vətənpərvərlik hislərindən, Vətənə sədaqətlə xidmət etmək istəyindən xəbər verir. “Bu yüksək əhval ruhiyyəni doğuran isə Azərbaycan ordusunun artan qüdrəti və nüfuzudur. Hazırda silahlı qüvvələrimizin istər döyüş hazırlığı, istər silah, sursat və texniki təminatı, istərsə də zabit və əsgərlərimizin yüksək peşəkarlığı xalqımızın böyük etimad və inamını qazanmışdır. Bu sözlərimizin sadəcə təbliğat olmadığını gənclərimiz, valideynlər, ictimaiyyətin nümayəndələri televiziya ekranlarından, internet resurslardan və kütləvi informasiya vasitələrindən  aydın görür və oxuyurlar. Amma ən əyani fakt isə Prezident, Ali Baş Komandan İlham Əliyevin ciddi səyləri, gərgin əməyi nəticəsində son dərəcə güclənən Ordumuzun son illər düşmən üzərində qazandığı qələbələr və şanlı əsgərlərimizin torpaqlarımızın bəzi hissələrini işğaldan azad etməsidir.
Natiq qeyd etdi ki, vətənimizin keşiyində duran ordumuzun strukturlarında, onun şəxsi heyəti sıralarında yer almaq bugünki gənclərimiz üçün həqiqətən ciddi motivasiya və əsl şərəf işidir. Vətəni müdafiə etmək kimi şərəfli işdə bütün çətinliklərə sinə gərmək üçün gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm can sağlığı arzulayıram.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatını sədri Hüseynbala Mirələmov çıxışında qeyd etdi ki, müasir Azərbaycan ordusuna istər daxildə, istərsə xaricdə münasibətin dəyişməsi ilə bağlı  söylənilən fikirlərlə tam qətiyyətlə şərikəm. Biz hamımız qəti əminik ki, indi Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin istənilən əmrini, ən mürəkkəb tapşırıqlarını və qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə tam hazırdır.  Mən inanıram ki, buradan hərbi hissələrə yola düşən gənclərimizin hər biri ordumuzun hazırki nüfuzuna uyğun şərəflə xidmət edəcək, əsgər andına sadaqətli olacaq,  valideynlərinə, müəllimlərinə və Vətənə qürur yaşadacaq.
Toplantıda çıxış edən rayon ağsaqqalları, mühribə veteranları və valideynlər də gənclərə bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb, tövsiyyə və məsləhətlərini verdilər. Sonra ənənəvi olaraq Xətai Rayon İcra Hakimiyyəti adından çağırışçılara xatirə hədiyyələri təqdim edildi. Mərasim incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı Xidmətin binasında aparılan təmir işləri ilə tanış olmuşdur.


 

Keçidlər