Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

13 mart 2019 | 11:00

Xətai rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları hesabat dövründə rayonda görülmüş işləri əks etdirən stendlərə baxmışlar.

Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, İcra Hakimiyyəti başçısının birinci müavini  Rafiq Quluyev  iclasda hesabat məruzəsi ilə çıxış edərək rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2018-ci ildə görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən 2018-ci ildə ölkəmizin bütün bölgələrində aparılan yenidənqurma, abadlıq, tikinti-quruculuq işləri Bakı və onun ətraf qəsəbələrində də geniş vüsət almışdır. Bu sırada Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu xüsusi yer tutur.

Rafiq Quliyev qeyd etmişdir ki, 2018-ci ildə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı təmin olunmuşdur. 2017-ci illə müqayisədə 3,8 % faiz çox məhsul istehsal edilmişdir. Ötən il sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi nəticəsində rayon ərazisində 7635 yeni iş yeri açılmışdır. Rayon üzrə yaşı 18 dən yuxarı olan 224745 nəfər əhalinin 60181 nəfəri tibbi müayinədən keçirilmişdir, bunlardan 6965 nəfər ambulator müayinəyə, 254 nəfər  stasionar müalicəyə qəbul edilmişlər.Ali Məktəblərə qəbul üzrə göstəricilərimiz bu ildə yüksək rəqəmlərlə yadda qalmışdır. İki nəfər məzunumuz maksimim 700 bal, 73 nəfər isə 650 və yuxarı ballarla ali məktəblərə qəbul olmuşlar. Ümumilikdə bu ilki qəbul faizi 78 % olmuşdur. 2018-ci il ərzində sosial-iqtisadi inkişafının göstəricilərindən biri kimi, həyata keçirilən böyük abadlıq-quruculuq işlərini, yeni istirahət parklarının salınmasını, “Abad” və “Nümunəvi həyət”lərinin, yeni parkların sayının durmadan artdığını  göstərmək olar.  Bildirilmişdir ki, Xətai rayonunun qısa zamanda geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev son illərdə ölkəmizdə əldə edilmiş uğurlardan danışmışdır. Tağı Tağıyev demişdir ki, ötən illər ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır.  Bu uğurların başlıca səbəbi ölkəmizdə aparılan islahatlar, hökm sürən sabitlik, ictimai asayişdir.

Milli Məclisin deputatı Səməd Seyidov  respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərdən danışmış və Xətai rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Digər çıxış edənlər ölkəmizdə iqtisadi və digər sahələrdə əldə olunmuş nailiyyətlərdən danışmış, hesabat dövründə Xətai rayonunda görülmüş işləri yüksək qiymətləndirmişlər.

Keçidlər