Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Veysəl Qasımovun xatirə lövhəsinin açılışı olub

25 yanvar 2020 | 11:00

Yanvarın 24-də Xətai rayonu Lütfi Zadə küçəsində şəhid Veysəl Qasımovun xatirə lövhəsinin açılışı olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı,  rayon bələdiyyəsinin üzvləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, Qarabağ qaziləri və digərləri iştirak ediblər.

Əvvəlcə şəhid Veysəl Qasımovun xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Pənah İmanov bildirib ki,  bir müddət bundan əvvəl şəhidin adına salınan bulağın ətrafı təmir və bərpa olunub. Bu cür tədbirləri keçirməkdə məqsədimiz torpaqlarımız uğrunda canını verən igidlərimizin olduğunu gənc nəslə çatdırmaqdır.

Lövhənin açılışında şəhidin anası Səadət Qasımova və həyat yoldaşı Mərziyə Qasımova da çıxış edərək şəhidin xatirəsinin əziz tutulmasından məmnun qaldıqlarını bildirib, göstərilən diqqətə görə Ölkə Başçısına və  rayon İcra başçısı Rafiq Quliyevə öz təşəkkürlərini bildiriblər.

Tədbir şəhid Veysəl Qasımımovun məzunu olduğu 29 saylı tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları ilk öncə məktəbin foyesində şəhidin xatirəsinə həsr olunmuş, şagirdlər tərəfindən çəkilən rəsm sərgisi ilə tanış olublar.

Daha sonra dövlət himninin səslənməsinin ardından şagirdlər tərəfindən ədəbi-bədii kompazisiya nümayiş olunub. Kompazisiyada şəhidin həyat və döyüş yolundan söz açılıb, kiçik süjetlər göstərilib. Qeyd olunub ki, Veysəl Qasımov 28 il bundan əvvəl “Daşaltı əməliyyatında” iştirak edib. Həmin əməliyyat 1992-ci ilin 25 yanvarından axşam saatlarında başlanıb və bir gün sonra bələdçilərin xəyanəti ucbatından uğursuzluqla başa çatıb. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Həmin şəhidlərdən biri də Veysəl Qasımovdur. Şəhidin iki qız övladı var.

Keçidlər