Rayon haqqında
Xətai rayonunda sürüşmə təhlükəsi olan ərazilərin xəritəsi
Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, hazırlanan və mövcud ərazi planlaşdırılması sənədlərində bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən edilməsini aidiyyəti üzrə təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 5 mart 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmişdir